Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam mədəniyyəti və düşüncəsi araşdırmaları institutunun fəlsəfə şöbəsinin müdiri Höccətül-İslam vəl-müslimin Məhəmməd Cavad Rudgər, Ayətullah Məkarim Şirazini ilahi alimlər və nəzəriyyə sahibi mütəfəkkirlər sırasında dəyərləndirib. O bildirib ki, Ayətullah Məkarim Şirazi sistemli metodologiya və dərin idrak mühəndisliyinə əsaslanaraq fiqh, təfsir, əxlaq və ictimai məsələlər sahəsində dinamik, hərtərəfli və müasir tələblərə cavab verən bir fikir sistemi formalaşdırmağa nail olub.
Araşdırma institutunun fəlsəfə şöbəsinin müdiri əlavə edib ki, “fiqhi-əkbər”də (kəlam və əqli elmlər), “fiqhi-əvsət”də (əxlaq və tərbiyə) və “fiqhi-əsğər”də (hüquq üzrə fiqh hökmləri və dini göstərişlər) ictihad məqamına yüksələn alimlər dinin üsul və əsaslarını dərindən mənimsəmiş şəxsiyyətlərdir. Belə alimlər İslam dinini, məsuliyyət və öhdəliklərlə birləşdirərək düşüncə, motivasiya və əməli vəhdət şəklində təqdim edirlər.
O vurğulayıb ki, sağlam düşüncə tərzinə, mənəvi və əxlaqi prinsiplərə, eləcə də dəqiq idrak məntiqinə malik alimlər düzgün baxış, səmimi yönəliş və saleh əməl sayəsində bütöv və sistemli dini təfəkkürə sahib olurlar. Belə şəxsiyyətlərin fikir və davranışında ictihad elm və mənəviyyatın əsas dayağı kimi çıxış edir.
Məhəmməd Cavad Rudgər qeyd edib ki, müxtəlif sahələrdə sistemli və metodoloji fiqh yanaşmasına malik, nizamlı və aydın nəzəriyyə ortaya qoyan alimlərdən biri də Ayətullah Məkarim Şirazidir. O, genişmiqyaslı elmi fəaliyyət, fiqh, təfsir, əxlaq və ictimai məsələlər istiqamətində mühüm xidmətlər göstərmiş, zamanın tələblərini düzgün dərk edən və daim cəmiyyətin içində yaşayan alimlərdən biri kimi tanınır.
O əlavə edib ki, bu böyük və yorulmaz alim İslam maarifi sahəsində dinamik və ictima yönümlü bir fikir sisteminə sahibdir. Çünki onun bütün yazılı və şifahi əsərləri planlı idrak quruluşu üzərində formalaşıb və məhz bu xüsusiyyət onu nisbətən kamil və əhatəli bir “fikri məktəb”in sahibi edib. Bu böyük fəqihin fikir sisteminin tanınması dini elmlərlə məşğul olanlar üçün zəruri, İslam cəmiyyəti üçün isə olduqca faydalıdır.
O vurğulayıb ki, bu böyük alim və hərtərəfli təfəkkür sahibi olan fəqihin seçilən xüsusiyyətlərindən biri də Elmi hövzədə “kollektiv fəaliyyət və qrup şəklində elmi araşdırma” ənənəsinin əsasını qoymasıdır. O, bu istiqamətdə yeni və nümunəvi bir model formalaşdırmağa nail olmuşdur. “Təfsiri-Nümunə”, “Peyami-İmam” (Nəhcül-Bəlağənin tərcümə və şərhi), “İslami irfan” (Səhifeyi-Səccadiyyənin şərhi), eləcə də “Dairətül-məarif fiqhi-məqarin” və “Müntəxəbul-əsər min Biharil-Ənvar” kimi fiqh və hədis kitabları bu yaradıcı və yenilikçi elmi fəaliyyətin bariz nümunələri hesab olunur. Buna görə də Ayətullah Məkarim Şirazini bu sahədə yeni üslubun və nüfuzlu elmi məktəbin aparıcı simalarından biri saymaq olar.
O əlavə edib ki, kollektiv elmi fəaliyyət güclü elmi idarəçilik, geniş dünyagörüşü, səbir və təmkin, təvazökarlıq, nəfsə hakim olmaq və birlik ruhiyyəsi tələb edir. Ayətullah Məkarim Şirazinin Elmi hövzədə əsasını qoyduğu və inkişaf etdirdiyi bu dəyərli ənənə indiyədək çoxsaylı elmi və əməli bərəkətlər bəxş etmiş, bundan sonra da mühüm nəticələr verməyə davam edəcəkdir.
Höccətül-İslam vəl-müslimin Rudgər Ayətullah Məkarim Şirazinin müxtəlif fiqh və elmi sahələrdəki fəaliyyətinə toxunaraq bildirib ki, dini və müasir elmləri, İslam humanitar elmlərini, fiqh, təfsir (Qurani-Kərim, Nəhcül-Bəlağə və Səhifeyi-Səccadiyyə şərhləri), kəlam, əxlaq, iqtisadiyyat, siyasət, qadın, ailə və cəmiyyət mövzularını əhatə edən bu geniş fikir sisteminin elmi rəhbərliyi Höccətül-İslam vəl-müslimin Əbdülhüseyn Xosrovpənaha həvalə olunmuşdur. O da fikir sistemlərinin redaktə və hazırlıq prosesi və tənzimlənməsi sahəsində xüsusi təcrübəyə malikdir və İmam Xomeyni ilə İnqilab Rəhbərinin fikir sistemləri barədə mühüm araşdırmalar aparmışdır.
O bildirib ki, “Ayətullah üzma Məkarim Şirazinin fikir sistemi” layihəsinin elmi şurasında Ayətullah Məkarim Şirazinin yaxınları və yetirmələri olan Höccətül-İslam Əhməd Qüdsi, Möhyəddin Məkarim Şirazi, Məhəmməd Cavad Rudgər, Səid Davudi Limuni, Məhəmməd Ərəb Salehi və bu elmi layihənin ilkin əsaslarını hazırlayan Həmid Məliki iştirak edirlər.
Sonda o elan edib ki, “Ayətullah üzma Məkarim Şirazinin fikir sistemi” adlı dəyərli külliyyatın təqdimat mərasimi Ayətullah üzma Cəfər Sübhaninin video müraciəti ilə 20 may 2026-cı il tarixində saat 09:30-da Qum şəhərində yerləşən İslam Mədəniyyəti və Düşüncəsi Araşdırmaları İnstitutunda keçiriləcəkdir.

Xəbərin sonu
Rəyiniz